C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri üçün “Bəşəriyyətin dühası Nizami Gəncəvi -880” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsi keçən muzeyin baş elmi işçisi Gülarə Babayeva qeyd edib ki, bu il Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malikdir.
Bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin “Nizami Gəncəvi ili” kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Bildirilib ki, Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Sənətkar ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət olan böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.
Sonda Nizami Gəncəviyə həsr olunmuş guşəyə baxış keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi