Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun olaraq Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə açıq dərs keçirilib.
Muzeyin əməkdaşı Gülnar Quluzadənin “Ümummilli lider Heydər Əliyev və Naxçıvan muxtariyyəti” mövzusunda keçdiyi açıq dərsdə ümummulli lider Heydər Əliyevin siyasi fəaliyyəti haqqında şagirdlərə məlumat verilib. Bildirilib ki, ulu öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderdir. O, bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.
Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Ancaq Ulu öndər canı qədər sevdiyi doğma Naxçıvandan ayrılmaq istəmirdi. Digər tərəfdən xalqının vətənpərvər oğlu bu acı hadisələrə laqeyd də qala bilməzdi. Necə ki, qalmadı.
Ölkəmizə ikinci dəfə rəhbərliyi illərində Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasına diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü.
Sonda şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşı tərəfindən cavablandırılıb və onlara muzeyin eksponantları haqqında geniş məlumat verilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi