Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və Naxçıvan şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvanın muxtariyyət tarixi” mövzusunda onlayn açıq dərs keçirilmişdir.
Açıq dərsi giriş sözü ilə açan Mərkəzin elmi katibi Nihad Tarverdiyev şagirdlərə mərkəz haqqında məlumat ververərək qeyd etmişdir ki, Naxçıvanın muxtariyyəti XX əsrdə Azərbaycanın tarixi taleyində əldə etdiyi ən böyük nailiyyətdir. Naxçıvanın muxtariyyəti hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmış, gərgin, ağır, eyni zamanda, şərəfli bir yol keçmişdir. Diqqətə çatdırılıb ki, 1921-ci il oktyabrın 13-də RSFSR nümayəndəsinin iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Müqavilədə göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin beşinci maddəsində və üçüncü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan vəzifə deyildi. Amma o vaxt milli mənafeyi qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm...” 1924-cü il fevralın 9-da Azərbaycan MİK Naxçıvan SSR-in yaradılması haqqında qərar verdi.
Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi idi.
Qeyd olunmuşdur ki, 80-ci illərin axırlarında erməni lobbisinin Azərbaycana qarşı ərazi iddiaları qalmış, Dağlıq Qarabağ və Naxçıvan ərazilərini ələ keçirmək istəmişlər. 1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas etdi. Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən ən böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Ümummilli liderimizin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, onu çiçəklənən diyara çevirmişdir.
Ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikası 97 illik tarixi inkişaf dövründə heç vaxt indiki qədər inkişafa, uğurlara, nailiyyətlərə imza atmamışdır. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində ölkəmizin daha böyük inkişafına doğru inamla və qətiyyətlə irəliləyir, çiçəklənən bir diyara çevrilir.