Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Məktəblərdə yaradılan fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyalarının zəruri avadanlıqlarla təmin olunması, bunlarla yanaşı yeni təlim metodlarının, o cümlədən STEAM təhsil metodunun tətbiqi üçün yaradılan şərait təhsilin səviyyəsinin yüksəldilməsini təmin edib, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdlər formalaşdırılıb. Belə şagirdləri aşkar etmək istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir, bilik yarışları, müsabiqələr təşkil edilir. Bu tədbirlər sırasında hər il keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.
Olimpiadaların keçirilməsi xüsusi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində və peşə seçiminə hazırlanmasında mühüm rol oynayır. Şagirdlərin Respublika fənn olimpiadalarına hazırlığında və yüksək nəticələr qazanmağında Muxtar respublika fənn olimpiadaları mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, bu tədris ilində keçirilən məktəblilərin muxtar respublika fənn olimpiadasında 11 şagird I, 11 şagird II və 20 şagird III yerlərin qalibi olmuşdur.
Bu gündən başlayaraq isə 3 gün ərzində IX-XI sinif şagirdlərinin iştirakı ilə 2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilir. Şagird sıxlığının minimuma endirilməsi məqsədi ilə müvafiq fənlər üzrə olimpiadalar fərqli günlərdə təşkil edilib.
Olimpiadada qrafikə uyğun olaraq fevralın 10-da riyaziyyat və kimya fənləri üzrə 273, fevralın 11-də fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə 201, fevralın 12-də isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 228 olmaqla, ümumilikdə 702 şagirdin iştirakı nəzərdə tutulub.
Bu gün artıq kimya və riyaziyyat fənləri üzrə olimpiada keçirilmişdir. Şagirdlərə öz biliklərini nümayiş etdirmələri üçün kimya fənni üzrə 90, riyaziyyat fənni üzrə isə 150 dəqiqə vaxt verilmişdir.
Olimpiadada şagirdlərə qapalı test formasında 25 sual təqdim edilir, hər sual 4 balla qiymətləndirilir və 4 səhv cavab 1 düz cavabı aparır.
Qeyd edək ki, Respublika fənn olimpiadasının şəhər və rayon mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə 140, Tarix fənni üzrə 88, Coğrafiya fənni üzrə 73, Riyaziyyat fənni üzrə 206, Fizika fənni üzrə 64, Kimya fənni üzrə 67, Biologiya fənni üzrə 53, İnformatika fənni üzrə 11, ümumilikdə isə 702 şagird iştirak etmək üçün müraciət etmişdir. Bunlardan 135-i IX, 234-ü X, 333-ü isə XI sinif şagidləridir. İştirakçılardan 201-i Naxçıvan şəhərinin, 90-ı Şərur, 70-i Babək, 55-i Ordubad, 55-i Culfa, 50-si Kəngərli, 50-si Şahbuz, 25-i Sədərək rayonunun, 25-i Heydər Əliyev adına tam orta məktəbin, 20-si Naxçıvan Qızlar Liseyinin, 20-si Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin, 20-si Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri, 21-i isə Heydər Əliyev adına Hərbi Liseyin kursantlarıdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi