“Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.”
Heydər Əliyev
Azərbacan xalqının ümummilli lideri
Həqiqətən də ulu öndərin bu kəlamı dərin məna daşıyır. Qədim tarixə, qədim mədəniyyətə malik olan Naxçıvan özündə həm keçmişi, həm də müasirliyi birləşdirib. Naxçıvan tarixi yalnız Azərbaycanın, yalnız türk dünyasının deyil, bütövlükdə dünyanın tarixinə işıq salır. Naxçıvan dünyanın ən gözəl şəhərləri ilə yarışır. Həm tarixi, gözəlliyi, həm də mədəniyyəti ilə bütün dünyanı özünə heyran qoyur. Keçmişi ilə nə qədər öyünür, nə qədər qürurlanırıqsa, bu günü ilə də bir o qədər fəxr edirik Naxçıvanın.
Bu gün Naxçıvan abidələr diyarına çevrilib. Xalqın rahat yaşayışı, respublikamızın inkişafı üçün bir-birindən yaraşıqlı binalar, məktəblər, xəstəxanalar, kitabxanalar tikilir. Ən maraqlısı da odur ki, yeniliklə, müasirliklə bərabər, qədim abidələrimiz də qorunur. Qədimlik və müasirlik bir vəhdət təşkil edir gözəl Naxçıvanımızda. Bu da gənc nəslə nümunədir. Çünki bu şəhərin tarixi, keçmişi onun abidələrində gizlidir. Bu abidələr bizim tariximizdən, yurdumuzun qədimliyindən, müasir tikililər isə inkişaf səviyyəmizdən xəbər verir. Naxçıvan qədimliyi və müasirliyi özündə daşıdığı üçün möcüzəvi şəhərdir, gözəlliklər diyarıdır.
Naxçıvanam, Azərbaycan gözəliyəm,
Sözün, eşqin, düz ilqarın əzəliyəm:
Mən bir eləm,
Nurlu şəlaləyə dönən,
İşıqların gurşadında şölələnən
Araz üstə Çənlibeləm…
Naxçıvan təkcə gözəlliyi ilə deyil, ədəbiyyatın, incəsənətin bütün sahələrində dünyaya öz misilsiz töhfələrini verməsi ilə də seçilir. Dünya memarlıq tarixinin nadir şəxsiyyətlərindən biri Əcəmi Naxçıvaninin memarlıq məktəbi burada yaranıb.
Ləl cəvahir töhfəsiyəm.
Bizim odlar diyarına
Memarlığın gülzarına,
Əcəminin zər naxışlı,
Ulduzlardan yaraşıqlı,
Yüz rəngini gətirmişəm.
İllərlə qürbətdə olan, uzaq Sibirdəki soyuq məzarında sümükləri sızıldayan Cavidimin vətənidir Naxçıvan!
Təmiz eşqin alovunda yana-yana,
Şeir adlı gülüstana
Mən Cavidin rübabıyla,
Romantika çələngini gətirmişəm.
Fırçasından ulduz-ulduz zər tökülən, zəhmətindən torpağıma Xəzər boyda tər tökülən Bəhruzumun vətənidir Naxçıvan! Dünyaya “Anamın kitabı” ilə boylanan, “Molla Nəsrəddin” ilə haray çəkən, “Ölülər” ilə cahilləri dirildən Cəlilimin vətənidir Naxçıvan!
Adı Azərbaycanla qoşa çəkilən, Azərbaycanla nəfəs alan, bayrağı bayraq edən, Vətəni Vətən edən Heydər babamın Vətənidir Naxçıvan!
Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad-sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər
Haqqa qovuşsa da, xalqın düşünər,
Ulu bir sərkərdə, ulu bir öndər.
Naxçıvanımın sözlərə, cümlələrə sığmayacaq qədər dahiləri, qəhrəman oğulları vardır. Onu təkcə Azərbaycanda deyil, bütün dünyada tanıdan dahi şəxsiyyətləri vardır. Naxçıvan bunlarla vardır. Naxçıvan onu sevənlərlə yaşayır, yaşayacaqdır. Naxçıvanın bu gün hərtərəfli inkişaf etməsi sübut edir ki, bizim kökümüz sağlam təməllər üzərində qurulub. O təməllər qırılmazdır, sarsılmazdır. Bu gün Naxçıvan tarixi inkişafını yaşayır. Bu danılmazdır. Naxçıvanım gündən-günə dəyişir, abadlaşır. Bu gözəllik, bu inkişaf dostlarımızı sevindirir, mənfur düşmənə isə göz dağıdır. Düşmən öz hisslərini cilovlaya bilmir, bu inkişafı gözləri götürmür. Naxçıvanın oğulları, qəhrəmanları, tarixi şəxsiyyətləri isə tariximizi, bu günümüzü öz canları, qanları bahasına qurmuşlar.
Bu gün biz şagirdlər sevinirik ki, müasir məktəblərdə təhsil alırıq. Muxtar respublika rəhbərinə minnətdaram ki, bizə yüksək diqqət göstərir, bizim yaxşı təhsil almamız üçün gözəl şərait yaradıb.
Mənim gözəl Naxçıvanım! Ulu babalarımın əmanəti Naxçıvanım! Nuhdan qalma müqəddəs torpağım! Sənin tarixini, mədəniyyətini və bugünkü inkişafını, adət-ənənələrimizi, səninlə bağlı ürək sözlərimi yazmaq mənə qürur verdi, sevinc yaşatdı. Qoynunda boya-başa çatdığım diyar, sən mənim gözlərimin qabağında ildən-ilə, aydan-aya, gündən-günə dəyişib, gözəlləşirsən. Mən səninlə fəxr edirəm, qəhrəmanlar yurdu Naxçıvanım!
Bura Naxçıvandır, yaxşı bil, tanı,
Dağında, daşında min tarix durur.
Bura ər meydanı, ərən meydanı,
Odu da, suyu da əzəmət, qürur.
Rübab Əliyeva
Ordubad şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi
“Ulu yurdum Naxçıvanım” mövzusunda keçirilən
inşa yazı müsabiqəsinin qalibi