Ordubad şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Polis Şöbəsi və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının yerli rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında rayon ümumtəhsil məktəblərinin idman klubları arasında basketbol üzrə rayon turniri keçirilmişdir. Turnirdə 4 ümumtəhsil məktəbindən 35 idmançı iştirak etmişdir.
Tədbirin açılış mərasimində çıxış edənlər turnirin keçirilməsində məqsədin yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları sağlam həyat tərzinə uyğunlaşdırmaq, onları basketbol və digər idman növlərinə cəlb etməkdən ibarət olduğunu bildirmiş, bədən tərbiyəsi və idmana olan dövlət qayğısını diqqətə çatdırmış, komandalara uğurlar arzulamışlar.
Maraqlı və gərgin mübarizənin yekun nəticəsinə əsasən Ordubad şəhər 1 nömrəli tam orta məktəbin komandası I, İnternat tam orta məktəbin komandası II, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi