Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdləri Xatirə Muzeyində “Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədov” mövzusunda keçirilən açıq dərsdə iştirak ediblər.
Muzeyin bələdçisi Tamara Novruzova Azərbaycanın Milli Qəhrəmanı Məmmədov İbrahim İsmayıl oğlu haqqında şagirdlərə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adıdır. Bu ad ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Qarabağ müharibəsi yüzlərlə milli qəhrəman yetişdirmişdir ki, onlardan biri də Naxçıvanlı Milli Qəhrəman Məmmədov İbrahim İsmayıl oğludur. Bildirilib ki, İbrahim Məmmədov Murovdağ uğrunda döyüşlərdə fədakarlıqlar göstərmiş, tabeçiliyində olan şəxsi heyətlə Murovdağın qəhrəmanlıq səlnaməsinə parlaq və yaddaqalan səhifələr yazmışdır. Xalq şairi Məmməd Araz demişdir; - Murovdağ döyüşçüsünün bir gününü yaşamaq bir ömrə bərabərdir.
Hər bir qəhrəman haqqında oxuyarkən düşünürük ki, bu cür övladları olan Vətən əbədiyyətə qədər yaşamağa layiqdir. Torpaq uğrunda təmənnasız rəşadət göstərməyi hətta ölməyi bacaran övladlar var. Belə qəhrəmanlar heç vaxt ölmür, ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qan yaddaşımızda yaşayacaqlar.