16 fevral 2021-cı il tarixdə Ordubad şəhər 3 nömrəli tam orta məktəbini idman meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib. Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Yerli Rayon Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Uşaq Gənclər İdman Məktəbinin 12-13 yaşlı futbolçularından ibarət Ordubad şəhər və Dəstə kənd qrupları yarışıb.
Yarışın açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadıqov və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyev çıxış edərək yoldaşlıq görüşünün keçirilməsində məqsədin yeniyetmə və gənclərin zərərli vərdişlərdən yayındırılması, futbol idman növünün kütləviliyinin artırılması, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olduğunu iştirakçılara çatdırıb və komandalara müvəffəqiyyətlər arzulayıblar.
Maraqlı və gərgin keçən görüşün qalibi 5-3 hesabı ilə Ordubad şəhər komandası olub.
Sonda yoldaşlıq görüşündə iştirak edən hər iki komanda təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi