17 fevral 2021-ci il tarixdə Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə “21 fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş VIII-XI sinif şagirdləri arasında “Ana dilim şirindir” mövzusunda bilik yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd şagirdlərə ana dilimizin zənginliyini, tarixini öyrətmək və məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.
Tədbirdə Culfa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramazan Abuzərov, məktəbin direktoru Səyyarə Ağayeva çıxış edərək bildiriblər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili mənəvi aləmin zənginləşməsində, dünyagörüşünün formalaşmasında, mükəmməl təhsil almasında mühüm rol oynayır.
Yarışda iştirakçılara ana dilimizə həsr olunmuş 20 sual təqdim olunub, hər suala 2 dəqiqə vaxt ayrılıb və hər sual 10 balla qiymətləndirilib.
Yekun nəticələrə görə 180 balla “Ulduz” komandası I, 160 balla “Vətən” komandası II, 150 balla “Zirvə” komandası isə III yerə layiq görülüb. Qaliblər diplomla təltif olunublar.