Babək rayon Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbdə “21 fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir.
Müsabiqədə məktəbin direktoru Rəşad Rüstəmli çıxış edərək qeyd etmişdir ki, hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman qətliamlara, repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bilmiş və tarixin müəyyən dönəmlərində böyük qurur hissi ilə söyləmişdir:
“Yaddan çıxmaz ana dilim,
Doğransam da dilim-dilim”.
Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizi bu gün də yaşatmağa kömək edən bir dildir. Dilimiz milli sərvətimizdir. Hər şey ana dilindən başlayır və o, ana südü qədər müqəddəsdir. Bu gün bizim tədris proqramlarımızda dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var.
Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Mahirə Cəfərova “Dilimiz milli sərvətimizdir” mövzusunda şeir müsabiqəsi keçirmiş, fərqlənən şagirdlər diplom və müxtəlif hədiyyələrlə təltif olunmuşlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi