Şahbuz Rayon Təhsil Şöbəsi və Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə Kolanı kənd tam orta məktəbində ümümumtəhsil məktəblərinin komandaları arasında “Zəfərin 100 günü” devizi altında voleybol yarışı keçirilib.
Yarış başlamazdan əvvəl çıxış edən Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Hüseyn Qəhrəmanov şagirdlərin Uşaq-Gənclər İdman Məktəbinə cəlb edilməsi, onlarla aparılan işdən və məktəblilərin voleybola olan marağından söz açıb. Rayonun Gənclər və İdman İdarəsinin rəisi Elvin Hüseynli bildirib ki, idmanın kütəviliyinə nail olmaq, böyüməkdə olan nəslin sağlamlığına zəmin yaratmaq üçün gənclərimizdə idmana olan həvəs daha da artırılmalıdır. Bunun üçün məktəblərimizdə müasir idman zalları, kifayət qədər idman qurğuları mövcuddur. Yaradılan bu şəraitdən lazımınca istifadə etməklə rayonumuzda idman növlərinin inkişafına nail ola bilərik deyə yarış idmançılarına uğurlar arzulayıb.
Uşaq-gənclər idman məktəbinin diektoru Allahverdi Abbasov çıxışında qeyd edib ki, voleybolçularımız muxtar respublika səviyyəli yarışlarda rayonumuzu həmişə layiqincə təmsil ediblər. Gənclərimizin idmanın bu növünə olan marağını nəzərə alaraq bu cür yarışları vaxtaşırı təşkil etməli, güclü komandalar formalaşdırmalıyıq.
Çıxışlardan sonra yarışa start verilib və 5 məktəbin voleybol komandası birincilik uğrunda mübarizəyə başlayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarış Biçənək kənd tam orta məktəbinin voleybol komandasının qələbəsi ilə başa çatıb.
Qalib olan komandanın üzvləri yarışın təşkilatçıları tərəfindən mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi