Şahbuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən multukulturalizm və dini məsələlər üzrə komissiya üzvlərinin Kükü kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə görüşü təşkil edilib.
Tədbiri giriş sözü ilə açan komissiyanın üzvü, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunmasına dövlətimiz tərəfindən mühüm əhəmiyyət verilir. Multikulturalizm və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində respublikamızda görülən işlər dünyaya bir nümunədir. Məktəblərimizdə də bu sahədə müəyyən işlər görülür və bu işləri daha da yaxşılaşdırmalıyıq.
Komissiya üzvü Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev bildirib ki, milli-mənəvi dəyərlər hər bir xalqın qiymətli xəzinəsidir. Biz bu xəzinəni qoruyub saxlamalı və gələcək nəsillərə ötürməliyik.
Daha sonra komissiya üzvü rayonun Gənclər və İdman İdarəsinin rəisi Elvin Hüseynli qeyd edib ki, ölkəmizdən xaricdə xeyli sayda soydaşımız yaşayır. Onlar bu dəyərlərə orta məktəbdə təhsil aldığı dövrdə sahib olublar. Təkcə bu fakt göstərir ki, gənclərimizin bu cür yüksək keyfiyyətlərə sahib olmasında məktəblərin rolu əvəzsizdir.
Məktəbin müəllimi Cəmalə Əliyeva bildirib ki, şagirdlərimizin milli-kultural dəyərlərə sahib olması üçün məktəbimizdə ardıcıl tədbirlər həyata keçirilir. Bundan sonra da bu sahədə fəaliyyətimizə daha geniş yer verəcəyik.