19 fevral 2021-ci il tarixdə Ordubad Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Nüsnüs kənd tam orta məktəbində “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Seminarda Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov və Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Elşən Babayev tədbir haqqında məlumat verib və hazırlanmış slayd vasitəsilə mövzu ətrafında çıxış ediblər. Bildirilib ki, hər keçən gün inkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsini əhatə etməkdədir. Virtual məkan genişləndikcə internetdə mövcud olan sosial şəbəkələrin də sayı artır.
Vurğulanıb ki, artıq yeniləşdirilmiş virtual elektron kitabxanalar, virtual ensiklopediyalar və sosial şəbəkələr hesabına internet müsbət xarakter almış və tədrisdə geniş istifadə olunmağa başlanmışdır. Yeniyetmə və gənclər sosial şəbəkələrin müsbət xüsusiyyətləri ilə yanaşı, mənfi xüsusiyyətlərini də bilməli, onlardan istifadə edərkən mütləq məlumatlı və çox diqqətli olmalı, ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi inkişafını sosial şəbəkələrdə düzgün şəkildə işıqlandırmalıdırlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi