Qabıllı kənd tam orta məktəbində Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi keçirilib. Müzakirənin keçirilməsində əsas məqsəd şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, məktəblilərin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında məlumatlılıq səviyyəsi, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətinin öyrənilməsi və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdlərin aşkara çıxarılıb qiymətləndirilməsindən ibarət olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan kitabın müzakirəsi ilə bağlı keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sona Cəfərova sərəncamın gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, görkəmli yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadə ədəbiyyat, incəsənət sahəsindəki fəaliyyəti ilə xalqın maariflənməsi idealına xidmət edib. Görkəmli ədib həm də milli mətbuatımızın inkişafında göstərdiyi mühüm xidmətlərlə yadda qalıb.
Digər çıxış edənlər qeyd ediblər ki, görkəmli yazıçı Azərbaycan ədəbiyyatında kiçik hеkayənin böyük ustadı kimi tanınıb. Cəlil Məmmədquluzadənin ədəbiyyat tariximizə bəxş etdiyi “Poçt qutusu”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq”, “Buz” və digər hekayələri həm də uşaq ədəbiyyatının ən sanballı nümunələridir.
Sonra şagirdlər “Hekayələr” kitabında yer alan bədii nəsr nümunələrini qiraət ediblər, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.