Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 22 fevral 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların siyahısı”a daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasından ibarət olub.
Müsabiqənin məktəbdaxili seçim mərhələsi 11-15 yanvar 2021-ci il tarixlərdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində keçirilib.
Məktəbdaxili seçim mərhələsində Naxçıvan şəhəri üzrə 17 ümumtəhsil məktəbindən V-XI sinif şagirdləri iştirak etmişdir. Bu mərhələdə iştirak edən şəhər ümumtəhsil məktəblərindən 2 nömrəli tam orta məktəb üzrə N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən “Sultan Səncər və qarı”, 4 və 10 nömrəli tam orta məktəblər üzrə M.F.Axundovun “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah”, 8 nömrəli tam orta məktəb üzrə N.Gəncəvinin əsərlərindən hazırlanmış “Kompazisiya” I mərhələdə qalib olaraq seçilmiş və müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Müsabiqədə məktəb şagirdlərinin qiymətləndirilmə mərhələsi onların geyimi, aktyor oyunu və obrazlı ifasına, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı meyarlarına görə aparılmışdır.
Müsabiqənin şəhər mərhələsində I yerə 10 nömrəli tam orta məktəb, II yerə 2 nömrəli tam orta məktəb, III yerə 4 nömrəli tam orta məktəb, həvəsəndirici yerə isə 8 nömrəli tam orta məktəb layiq görülmüşdür. Qalib olan ümumtəhsil məktəbləri Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılmışdır.
Müsabiqədə I yerə layiq görülən 10 nömrəli tam orta məktəb M.F.Axundovun “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah” səhnəsi ilə 8 aprel 2021-ci il tarixdə keçiriləcək müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.
Qeyd edək ki, dram müsabiqələrinin təşkil olunması eyni zamanda ümumtəhsil məktəblərinin müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafını formalaşdırmaqda mühüm rol oynayır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi