Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında Robotexnika üzrə “Robotunu yarat” müsabiqəsi keçirilib. Müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə marağını artırmaq, bu sahədəki məlumatlılığını artırmaq, əldə etdiyi bilik və bacarıqlarla robot modellərinin dizaynı, qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarət olub.
Tədbiri giriş sözü ilə Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev açaraq muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Murad Babayev bildirib ki, ümumtəhsil məktəbləri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqlarını inkişaf etdirmələri və sağlam böyümələri üçün hər cür şərait yaradılmışdır. Ötən tədris ilindən şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tətbiq edilən “İnnovativ dərnəklər” layihəsi çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə ümumilikdə 45-dən çox yeni dərnəklər, o cümlədən “Robotexnika” dərnəyi yaradılmışdır. Məktəbdənkənar təhsil müəssisələrində yaradılan “Robotexnika” dərnəyi üzrə müəllimlər üçün təlimlər təşkil edilmiş, yaradılan dərnəklər lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hazırda isə Ordubad rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılır.
Qeyd olunub ki, 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə ümumtəhsil məktəblərində şagirdlərə beş sahənin - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodunun tətbiqinə başlanılmışdır. Bu günədək Şərur rayon Qarabürc və Şəhriyar, Ordubad rayon Nüsnüs kənd tam orta məktəblərində, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində STEAM kabinələri yaradılaraq istifadəyə verilmişdir. Yaradılan STEAM kabinələri elektron lövhə, kompüter, 3D printer, micro:bit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur. Hazırda isə Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonu, Naxçıvan şəhər 5, 11, 12 və 14 nömrəli və Ordubad şəhər 1 nömrəli tam orta məktəblərdə STEAM kabinələrinin, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam edir.
Müsabiqədə şəhər və rayon məktəblərinin VI-IX sinif şagirdləri iştirak edib. “Robotunu yarat” müsabiqəsinin şərtlərinə əsasən şagirdlər komanda şəklində yarışıblar. Hər komandada 5 şagird olmaqla 8 komanda yarışda iştirak edib. Müsabiqədə müxtəlif funksiyada və ölçüdə olan robotların hazırlanmasına 6 saat vaxt verilib. Yarışda hazır robotlardan və yaxud legolardan istifadəyə icazə verilməyib. Robotlara müəyyən tapşırığın yerinə yetirilməsi üçün idarəetmə sistemi təyin olunub, hazırlanan robotlar hər hansı bir komanda ilə öz-özünə və ya kompüter, tablet, telefon və digər cihazlarla hərəkət etdirilib. Robotun adı, iş funksiyası, dizaynı, proqramlaşdırılması iştirakçının sərbəst ideyası üzərində qurulub və robotun hazırlanmasında ideya olaraq innovasiya, dizayn, hərəkət, sadəlik, funksiya, təqdimat meyarları nəzərə alınıb. Hər bir komanda robotu hazırladıqdan sonra münsiflər heyətinə təqdimat edib.
Qeyd edək ki, qiymətləndirilmə və qaliblərin seçilməsi üçün münsiflər heyəti yaradılıb. Yekun nəticələrə əsasən qiymətləndirilmədə dizaynı, işləməsi, mühəndislik, proqramlaşdırma, hərəkət və ya komanda vermə ilə əlaqəli tapşırıqları icra edən robot qalib elan olunub. Beləliklə I yerə Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzi, II yerə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, III yerə Şərur rayon Şəhriyar kənd tam orta məktəbi, həvəsləndiri yerlərə isə Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi, Ordubad Rayon Texniki Yaradıcılıq Mərkəzi, Ordubad rayon Nüsnüs kənd tam orta məktəbi, Şərur rayon Qarabürc kənd tam orta məktəbi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey layiq görülüb.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi