Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 23 fevral 2021-ci il tarixdə Şərur rayon “Bahar” kinoteatrında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat əsərlərinin məktəblilər arasında təbliği, intelektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasından ibarət olub.
Yanvar ayında müsabiqənin məktəbdaxili mərhələsi keçirilmiş, 33 məktəb rayon mərhələsində iştirak etmək hüququ qazanmışdır.
16-18 fevral tarixlərində isə rayon mərhələsinin seçim turu təşkil edilib. Müsabiqənin rayon mərhələsində I yerə Kosacan kənd tam orta məktəbi üzrə Mirvari Dilbazinin “Xocalı fəryadı”, II yerə Cəlilkənd tam orta məktəbi üzrə C.Məmmədquluzadənin “Çay dəstgahı”, III yerə Şərur şəhər 2 nömrəli tam orta məktəbi üzrə Hüseyn Cavidin “Qız məktəbində”, həvəsləndirici yerə isə Püsyan kənd tam orta məktəbi üzrə Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən qocanın hekayəti” əsərləri layiq görülüb. I yerə layiq görülən məktəb müsabiqənin muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Müsabiqənin sonunda qaliblər diplomla təltif olunublar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi