Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 29 il zaman məsafəsi ayırır.
Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, məktəblilərə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, toprağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə fevralın 26-da muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında interaktiv dərs keçirilib.
Dərsdə qeyd olunub ki, əvvəldən planlaşdırılmış əməliyyatın qəddarlığına baxmayaraq, Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparmış, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməmişlər. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.
Vurğulanıb ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görülməmiş soyqırımı törətdilər. Dağlıq Qarabağın ən iri yaşayış məskəni 366-cı motoatıcı alayın, eləcə də xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Döyüşlərdə canlı qüvvə az olsa da, silah-sursat çatışmasa da, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparmışlar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla qətlə yetirilmişdir. Kütləvi qırğın nəticəsində 613 sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Bildirilib ki, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə müraciət edərək erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Qeyd olunub ki, bu gün Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.
Ümumtəhsil məktəblərində bir dərs saatı Xocalı soyqırımına həsr olundu
Həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində ilk dərs saatı da Xocalı soyqırımına həsr edilmişdir. Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər.
Vurğulanıb ki, son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüşdür. Xarici dillərdə kitablar nəşr olunmuş, Xocalı soyqırımı müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilmiş, bununla bağlı internet saytları yaradılmışdır. Aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.
Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi