Bu gün Babək rayon ümumtəhsil məktəblərində Xocalı soyqrımına həsr olunmuş tədbirlər keçirilmişdir.
Təşkil olunan tədbirlərdə məktəb rəhbərləri və fənn müəllimləri şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumatlar vermişlər. Bildirilmişdir ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritmiş, əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuş, şəhər barbarcasına yerlə-yeksan edilmişdir. Dinc əhaliyə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Bundan başqa, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdü. Girov götürülənlərdən 68-i qadın, 26-sı uşaq olmaqla, 150 nəfərin taleyi bu günədək məlum olmamışdır. Bəşəri cinayət olan “Xocalı soyqırımı”nın təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyyəti olmuşdur.
Şagirdlərə yüksək vətənpərvərlik hisslərinin aşılanması və qətlə yetirilmiş dinc vətəndaşlarımızın əziz xatirələrini əbədiləşdirmək məqsədi ilə təşkil olunan tədbirlərdə, şagirdlər Xocalı qurbanlarına həsr olunmuş şeirlər, kompozisiyalar və rəsm əsərləri nümayiş etdirmişlər. Eyni zamanda Xocalı faciəsini əks etdirən kinofilmlər və sənədli filmlər nümayiş etdirilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi