Sədərək rayon ümumtəhsil məktəbləri və məktəbdənkənar tərbiyə müəssisələrində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib. Belə ki, Sədərək kənd 2 nömrəli tam orta məktəbdə məktəblilərə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev haqqında “Xocalının Əlifi” adlı sənədli film nümayiş etdirilib.
Filmi Sədərək Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin 40-a yaxın şagirdi izləyib.
Eyni zamanda Sədərək Rayon Tarix Diyarşünaslıq Muzeyində “Xocalı soyqırımı tariximizin qanlı səhifəsidir” mövzusunda Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi və şagirdlərinin iştirakı ilə açıq dərs keçirilib.
Açıq dərsi aparan muzeyin direktoru Sərxan Abbasov mənfur ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, illər, əsrlər keçsə də Azərbaycan xalqı bu faciəni unutmayacaq, gələcək nəsillərə ermənilərin necə qəddar və cinayətkar olduqlarını aşılayacaqdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi