Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə birbaşa tabe məktəblər və Naxçıvan şəhər ümumtəhsil məktəblərində Xocalı soyqırımı ilə əlaqədar tədbirlər təşkil olunub. Naxçıvan şəhər 3, 4, 5 və 6 nömrəli tam orta məktəblər üzrə 15 şagirdin iştirakı ilə Xatirə Muzeyində Xocalı soyqırımı ilə əlaqədar açıq dərs keçirilmişdir.
Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov “Xocalı soyqırımı” mövzusunda keçdiyi açıq dərsdə bildirmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq aqressiv və cinayətkar ermənilərin Azərbaycanın əzəli-əbədi torpaqları olan Dağlıq Qarabağı özünə birləşdirmək istəyi XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının yaşanmasına gətirib çıxarmışdır. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Eyni zamanda Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə və Naxçıvan Qarnizonu tam orta məktəbində təşkil olunan tədbirlərdə şagirdlər tərəfindən Xocalı soyqırımına aid şeirlər səsləndirilmiş, rəsm sərgiləri nümayiş olunmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi