Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2021-ci ilin fevral ayı ərzində keçiriləcək tədbirlər planına əsasən Ekoloji Tərbiyə Mərkəzi tərəfindən yeni ekoloji layihəyə start verilmişdir.
Şagirdlərin təbiətin qorunması haqqında düşündüklərini tətbiq etmək, ətraf mühitə dəyən zərəri minimuma endirmək və bu məsələyə həssaslığı artırmaq məqsədiləhəyata keçirilən “Ekoloji məktəb” layihəsi eyni zamanda şagirdlərin bir sıra bacarıqlarının inkişaf etdirilməsinə imkan yaradacaqdır.
Layihənin iştirakçıları olan 10-15 dərnək üzvü mövcud polietilen torbaların əvəzinə təbiətə uyğun parça torbalar hazırlamışlar. 27 fevral 2021-ci ildə cari tədris ili üçün start verilən layihənin həyata keçirilməsi məqsədilə Mərkəzdə iki tikiş maşını quraşdırılmış, lazım olan avadanlıqlar (sap, parça, qayçı, metr və kağız) tədarük edilmişdir. Mərkəzin dərnək üzvləri torbaların hazırlanması üçün ardıcıl olaraq biçmə, kəsmə və tikmə əməliyyatlarını yerinə yetirmişlər.