Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında rayonun ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd “Oxunması zəruri olan kitabların siyahısı”nda olan əsərlərin məktəblilər arasında təbliği, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, ədəbi-bədii təfəkkürünün formalaşdırılması, xüsusi istedad və bacarıqlarının inkişaf etdirilməsi və aktyorluq qabiliyyətinin üzə çıxarılması olmuşdur.
25 ümumtəhsil məktəbi üzrə 128 şagirdin iştirak etdiyi müsabiqənin məktəb mərhələsinin seçim turunda Culfa şəhər 3 nömrəli, Kırna, Qızılca, Göydərə kənd tam orta məktəblərinin şagirdləri rayon mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Martın 4-də keçirilən müsabiqənin rayon mərhələsinin nəticələrinə görə I yerə Qızılca kənd tam orta məktəbi N. Vəzirovun “Müsibəti fəxrəddin”, II yerə Kırna kənd tam orta məktəbin C. Məmmədquluzadənin “Dəli yığıncağı”, III yerə Culfa şəhər 3 nömrəli tam orta məktəbi C.Cabbarlının “Oktay Eloğlu”, həvəsləndirici yerə isə Göydərə kənd tam orta məktəbi N. Vəzirovun “Müsibəti fəxrəddin” səhnəsi ilə layiq görülmüşdür.
Qaliblər Culfa Rayon Təhsil Şöbəsinin diplomları ilə təltif olunmuşlar.
Qeyd edək ki, I yerə layiq görülən Qızılca kənd tam orta məktəbi N. Vəzirovun “Müsibəti fəxrəddin” əsərini müsabiqənin muxtar respublika mərhələsində səhnələşdirəcəkdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi