Ordubad Rayon Texniki Peşə və Sürücülük Məktəbində Ordubad Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının yerli rayon bölməsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nün qeyd edilməsi məqsədilə oğlan və qız atletlərdən ibarət rayon ümumtəhsil məktəblərinin komandaları arasında atletikanın qaçış idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda 10 komanda üzrə ümumilikdə 60 idmançı birincilik uğrunda mübarizə aparmışlar. Tədbirin açılış mərasimində çıxış edənlər bədən tərbiyəsi və idmana olan dövlət qayğısını diqqətə çatdırmış və komandalara uğurlar arzulamışlar. Maraqlı və gərgin mübarizənin yekun nəticəsinə əsasən Ordubad şəhər 3 nömrəli tam orta məktəbin komandası I, İnternat tam orta məktəbinin komandası II, Vənənd kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Yarış üzrə fərdi nəticələrə görə isə oğlanlar arasında Bayramlı Tağı İntiqam oğlu, qızlar arasında isə Sadiqli Səkinə İnsaf qızı yarışın qalibi olmuşdur. Sonda qalib komandalar və yüksək nəticə göstərən idmançılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla mükafatlandırılmışdır.
Eyni məqsədlə Ordubad rayon ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol klubları arasında rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayonun 4 məktəbinin komandası iştirak etmişdir. Yarışın yekun nəticələrinə görə I yerə Ordubad şəhər 3 nömrəli, II yerə Ordubad şəhər 1 nömrəli, III yerə isə Vənənd kənd tam orta məktəbinin komandası layiq görülmüşdür. Komandalar Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman Məktəbi tərəfindən diplomla mükafatlandırılmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi