Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Mədəniyyət Evində məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqə oxunması zəruri olan kitabların mütaliəsi, şagirdlərdə nitqin inkişafı, istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə keçirilir.
Ordubad rayonu üzrə 5 ümumtəhsil məktəbindən ümumilikdə 45 şagirdin iştirak etdiyi müsabiqənin rayon mərhələsində Ordubad şəhər 3 nömrəli, Aşağı Əylis, Vənənd, Sabirkənd və Əndəmic kənd tam orta məktəbləri mübarizə aparıblar.
Dram müsabiqəsinin rayon mərhələsində yaradıcılıq bacarığı, səhnə davranışı və geyimi ilə seçilən komanda qalib olub. Beləliklə, yekun nəticələrə görə I yerə Aşağı Əylis kənd tam orta məktəbi C.Cabbarlının “Sevil”, II yerə Vənənd kənd tam orta məktəbi Kitabi Dədə Qorqud dastanından “Salur Qazanın evinin yağmalanması”, III yerə Ordubad şəhər 3 nömrəli tam orta məktəbi S.Vurğunun “Vaqif”, həvəsləndirici yerlərə isə Sabirkənd tam orta məktəbi M.F.Axundzadənin “Hacı Qara”, Əndəmic kənd tam orta məktəbi isə S.Vurğunun “Vaqif” səhnəsi ilə layiq görülüb.
I yerə layiq görülən Aşağı Əylis kənd tam orta məktəbi C.Cabbarlının “Sevil” dramı əsasında nümayiş etdirdiyi səhnə ilə aprelin 8-də keçiriləcək dram müsabiqəsinin muxtar respublika mərhələsində iştirak edəcək.