“5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü təşkil edilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi görüşdə şəhər 5 və 15 nömrəli tam orta məktəblərin komandaları iştirak etmişdir. Tədbirdə çıxış edənlər “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə komandaları təbrik etmiş və onlara uğurlar arzulamışlar. Yoldaşlıq görüşünün yekununa əsasən Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası 3:1 hesabı ilə qalib gəlmişdir. Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilmişdir.
Həmçinin Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında atletikanın yadro itələmə, nizə atma və qaçış növləri üzrə şəhər birincilikləri keçirilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan şəhər bölməsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 13 məktəb üzrə 182 idmançı (hər komandadan 7 oğlan, 7 qız) iştirak etmişdir. Tədbirdə çıxış edənlər yarışlar haqqında idmançılara məlumat vermiş və onlara qalibiyyət sevinci arzulamışlar. Müsabiqənin şərtlərini ödəyən və yer tutan komanda və idmançılara təşkilatçıların diplomları təqdim olunmuşdur.
Eyni zamanda Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının qız komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi görüşdə 3 nömrəli və 17 nömrəli tam orta məktəbin komandaları iştirak etmişdir. Yoldaşlıq görüşünün yekununa əsasən 3 nömrəli tam orta məktəbin komandası qalib olmuşdur. Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi