Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji ixtisaslar üzrə təhsil alan təcrübəçi tələbələrin öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaq məqsədilə “Sabahın müəllimi” layihəsi davam edir. Hər il olduğu kimi, bu tədris ilində də Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetindən ümumilikdə 376 tələbə fevralın 16-dan mayın 22-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçirlər.
5 mart 2021-ci il tarixdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimliyi ixtisası üzrə təcrübədə olan Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə görüş keçirilmişdir.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova təhsilə göstərilən dövlət qayğısından və məktəblərdə yaradılan imkanlardan bəhs etmişdir. Bildirmişdir ki, tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb edir. Onlarda ixtisaslar üzrə qazanılan nəzəri bilikləri tətbiq etmək bacarığının və müəllimə xas olan keyfiyyətlərin formalaşdırılması pedaqoji təcrübə vasitəsilə həyata keçirilir. Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq pedaqoji profilli ixtisaslar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmiş, müəllim kadrların hazırlanmasında ali təhsil müəssisələri ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında sıx əlaqələr yaradılmış, müəllim kadrların ilkin və sonrakı təhsilində mühüm keyfiyyət göstəricili nəticələr əldə olunmuşdur.
Məktəbin direktoru çıxış edərək muxtar respublikamızdakı bütün məktəblərdə, eləcə də Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraitdən və göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, məktəbdə yaradılan fənn kabinələri, müasir avadanlıqlarla təchiz olunan laboratoriyalar imkan verir ki, gələcəyin müəllimləri olan təcrübəçi tələbələr öz bilik və bacarıqlarını sınaya və daha da zənginləşdirə bilsinlər.
Sonra təcrübəçi tələbələrlə məktəb şagirdlərinin birgə Heydər Əliyev adına Uşaq Gənlər Yaradıcılıq Mərkəzində təşkil olunan “İnnovativ dərnəklər”ə ekskuriyası təşkil olunmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi