Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 10 mart 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar təhsil müəssisələrinin dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.
Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə keçirilən müsabiqənin seçim mərhələsi yanvar ayı ərzində keçirilmiş və seçilmiş səhnələr şəhər mərhələsində iştirak etmək hüququ qazanmışdır. Bu gün keçirilən şəhər mərhələsində isə 4 məktəbdənkənar təhsil müəssisəsi üzrə 29 şagird iştirak edib.
Bu mərhələdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Hüseyn Cavidin “Ana”, Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri “Pedaqoji fikir tarixindən” kitabından “Ana dili”, Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri “Pedaqoji fikir tarixindən” kitabından “Yeddi qız” əsərləri ilə, Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri isə Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş səhnəciklə çıxış ediblər.
Şərtlərə görə müsabiqədə məktəblilərin qiymətləndirilməsi onların geyimi, aktyor oyunu və obrazlı ifasına, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı meyarlarına görə aparılıb.
Müsabiqənin şəhər mərhələsində I yerə Ekoloji Tərbiyə Mərkəzi, II yerə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, III yerə isə Texniki Yaradıcılıq Mərkəzi və Turist Diyarşünaslıq Mərkəzi layiq görülüb. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıblar.
I yerə layiq görülən Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş səhnə ilə müsabiqənin 8 aprel 2021-ci il tarixdə keçiriləcək muxtar respublika mərhələsində iştirak edəcək.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi