Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe şəhər məktəblərinin komandaları arasında “Naxçıvanımızı tanıyaq” müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Müsabiqənin ümumi şərtlərinə görə bu mərhələdə şagirdlərə Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, mədəniyyəti, incəsənəti, tarixi abidələri və müasir dövr inkişafına həsr edilmiş 40 sual təqdim olunub. Şərtlərə görə təqdim edilmiş sualları 10 saniyə ərzində cavablandıraraq ən yaxşı nəticə göstərən komanda qalib elan edilib.
Yarışın yekun nəticələrinə görə Heydər Əliyev adına tam orta məktəbin “Araz” komandası 270, Naxçıvan Qızlar Liseyinin ”Buta” komandası 250, Naxçıvan Dövlət Texniki Kollecin “Xarı bülbül” komandası 210, Naxçıvan Qarnizonu tam orta məktəbin “Darıdağ” və Heydər Əliyev adına Hərbi Liseyin “Nuh yurdu” komandalarının hər biri isə 200 bal toplayıb. Beləliklə yarışın şərtlərini yerinə yetirərək 270 balla Heydər Əliyev adına tam orta məktəbin “Araz” komandası muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, martın 11-də Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında təşkil edilən müsabiqədə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin “Zəfər” komandası 260 balla müsabiqənin final turuna vəsiqə qazanmışdır.
Müsabiqənin növbəti seçim mərhələsi isə Şərur rayon ümumtəhsil məktəblərinin komandaları arasında keçiriləcək.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi