Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Ümumtəhsil məktəblərində kargüzarlıq işinin təşkili” ilə əlaqədar direktorların, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, psixoloqların, tərbiyə işləri üzrə direktor müavinlərinin (təşkilatçı) və uşaq birliyi təşkilat rəhbərlərinin qeyd olunan sahə üzrə fəaliyyətlərinin istiqamətləndirilməsi ilə bağlı seminar keçirilib.
Seminarın məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, onların təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və bu kimi digər vacib dəyərləri təbliğ etmək, təhsil işçilərinə qabaqcıl təlim sistemini tanıtmaq, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, kadr işinin və kargüzarlıq vəziyyətinin yaxşılaşdırılması, müəssisə rəhbərlərinin bu sahədəki məsuliyyətinin artırılmasından ibarət olub. Təhsil müəssisələrinə kadr və kargüzarlıq məsələləri ümumi fəaliyyətin əsasını təşkil etdiyi üçün məktəb işinin planlaşdırılması və həyata keçirilməsi baxımından təhsil işçilərinin davamlı və peşəkar inkişafı sahəsində fəaliyyətin formalaşdırılması da seminarın əsas meyarlarından olub.
Xok kənd tam orta məktəbində təşkil edilən seminarda çıxış edən Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı təhsil sahəsində aparılan islahatlardan, ümumtəhsil məktəblərinin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən, ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsindən, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs edib. Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayan şöbə müdiri məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.
Bildirib ki, ümumtəhsil məktəblərində işin təşkili sənədlərin düzgün aparılmasından çox asılıdır. Sənədləşmə idarəetmənin əsasını və hərəkət formasını təşkil edir. Bu sahədə çoxlu problemlər, çətinliklər meydana çıxır. Bu çətinliklərin mövcud olması, iş prosesinin gedişinə mənfi təsir göstərir və idarəetmə sisteminin fəaliyyətini zəiflədir.
Qeyd edib ki, idarəetməninin inkişafının formalaşdırılması sənədlərin hazırlanmasından, sənədləşdirmədən, sənədlərlə işin təşkilindən birbaşa asılıdır.
Seminarda Təhsil Şöbəsinin baş mələhətçisi Nilufər Rzayeva “Təhsil müəssisələrində kargüzarlıq işinin təşkili”, kadr işləri üzrə məsləhətçi Teymur Əsgərov “Məktəb sənədlərinin aparılması və saxlanması”, metodiki kabinet müdiri Həsən Tağıyev “Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin idarə edilməsinin mahiyyəti və təşkili”, aparıcı məsləhətçi Şəfəq Camallı “Məktəbdənkənar fəaliyyətin təşkili”, Cahan Abbasova “Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri”, Fərqanə Əbilova isə “Uşaq birliyi təşkilat rəhbərlərinin fəaliyyətinin məzmun və forması” mövzusunda çıxış ediblər.
Təhsil Şöbəsinin əməkdaşları məktəbin idarə olunmasında istifadə olunan hüquqi-normativ sənədlərin və kargüzarlığa dair kitabların düzgün və dəqiq işlənilməsi üsullarını slaydlar və əyani vəsaitlər vasitəsilə iştirakçılara təqdim ediblər. Digər bu kimi sənədlərin işlənilməsi qaydaları nümünələrlə izah edilib, fəaliyyətin təşkili ilə bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Seminarda həmçinin məktəb idarəetməsi, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması kimi məsələlər də müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonda mövzularla bağlı suallar cavablandırılıb, iştirakçılara məktəb və kargüzarlıq sənədlərinin işlənilməsi qaydalarına dair elektron nümunələr təqdim edilib.