Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri arasında “Elimizə bahar gəlir” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Martın 12-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən rəsm müsabiqəsində məktəbdənkənar tərbiyə müəssisələrinin 20 dərnək üzvü iştirak edib.
Müsabiqə başlamamışdan əvvəl Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev çıxış edərək bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir. Qeyd olunub ki, Novruz bayramına həsr olunmuş rəsm müsabiqəsi muxtar respublika məktəblilərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşmasına xidmət edir. Qeyd edilib ki, müsabiqənin təşkil edilməsində əsas məqsəd yeniyetmə və gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsinə stimul verməklə yanaşı, gənc nəslin adət-ənənələrimizə marağının artırılması və şagirdlərə milli qürur hissini aşılamaqdan ibarətdir. Həmçinin bu cür müsabiqələr gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissinin aşılamasına və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsinə öz töhvəsini verir.
Müsabiqədə məktəblilər adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzi olan baharın gəlişini tərənnüm edən mövzularda rəsmlər çəkiblər. Müsabiqənin şərtlərinə görə rəsmlər kağız, karton, kətan üzərində karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, quaş, akvarel, akril, yağlı boya və s. vasitələrdən istifadə etməklə 2 saat müddətində çəkilib.
Müsabiqədə iştirak edən istedadlı şagirdlərin əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq müsabiqədə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Səmra Ələsgərova I yerə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Nərmin Ələkbərova və Gülnur Həsənova II yerə, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdi Tuba Rahilə və Texniki Yaradıcılıq Məkrəzinin dərnək üzvləri Nuray Rəhimova ilə Aygün Hacıyeva isə III yerə layiq görülüb. Bundan başqa müsabiqədə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Minayə Fərzəliyeva, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi İnci Qənbərova və Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Səadət Əlizadə ilə Aydan Mürşüdlü isə həvəsləndirici yerlərə layiq görülüblər.
Müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Belə müsabiqələrin təşkil edilməsi şagirdlərin milli adət-ənənələrimiz haqqında biliklərini zənginləşdirmələri ilə yanaşı istedadlı şagirdlərin üzə çıxarılmasına da şərait yaradır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi