Ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə istedadlı şagirdlərin olimpiadalara, bilik və idman yarışlarına cəlbinin daha da genişləndirilməsi, onların intellektual yarışlarda iştirakının təşviq və təşkil olunması məqsədilə Kəngərli rayon ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib.
Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq-Gənclər İdman Məktəbi və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Böyükdüz kənd tam orta məktəbinin idman zalında Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Qıvraq qəsəbə, Xok, Şahtaxtı və Böyükdüz kənd tam orta məktəblərinin oğlanlardan ibarət voleybol idman klubları arasında yoldaşlıq görüşü keçirilib.
Yarışın yekun nəticələrinə əsasən, Qıvraq qəsəbə tam orta məktəbinin komandası I, Şahtaxtı kənd tam orta məktəbinin komandası II, Xok kənd tam orta məktəbinin komandası III, Böyükdüz kənd tam orta məktəbinin komandası isə həvəsləndirici yerə layiq görülüb.
Qarabağlar 1, 2 nömrəli və Qıvraq qəsəbə tam orta məktəblərinin şagirdləri arasında isə voleybol yarışı keçirilib. Yarışda hər üç məktəb üzrə 4 komanda iştirak edib. Yarış “Uduzan çıxır” sistemi üzrə təşkil olunub.
Eyni zamanda şagirdlərin intellektual səviyyəsini, bilik və məlumat bazasını möhkəmləndirmək məqsədilə Qarabağlar 2 nömrəli, Çalxanqala və Yurdçu kənd tam orta məktəblərində müxtəlif yaş qrupları üzrə məktəbdaxili şahmat yarışları, rayon ümumtəhsil məktəblərinin II-III sinif şagirdləri arasında “Hər bir uşaq istedadlıdır” devizi altında Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənləri üzrə bilik yarışı, Yurdçu kənd tam orta məktəbində VII-XI sinif, Qabıllı kənd tam orta məktəbinin isə V-VIII sinif şagirdləri arasında “Novruz adət-ənənələrimiz” mövzusunda inşa yazı, Təzəkənd və Yurdçu kənd tam orta məktəbinin V-IX sinif şagirdləri arasında isə “Mənim rəngarəng dünyam” devizi altında isə rəsm müsabiqəsi təşkil edilib.
Keçirilən tədbirlərin sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi