Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlər arasında “Novruz milli-mənəvi dəyərlərimizin parlaq təcəssümüdür” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə təşkil olunmuş müsabiqə martın 15-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilib. İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək şagirdlərin tariximiz və adət-ənənələrimiz ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Qeyd edilib ki, müsabiqənin təşkil edilməsində əsas məqsəd xalqımızın adət-ənənələrini yaşatmaq, milli-mənəvi dəyərləri yeni nəslə ötürmək, şagirdlərin milli ruhda yetişdirilməsini təmin etmək və istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
Şagirdlər 2 saat ərzində Novruz bayramı ilə bağlı inşa yazıblar.
Müsabiqə iştirakçılarının yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq inşa yazı müsabiqəsində Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin X sinif şagirdi Qəri̇bli̇ Ayşən Xudayar qızı I yerə, Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin IX sinif şagirdi Məmmədzadə Nazilə Həsən qızı və Babək rayon Şıxmahmud kənd tam orta məktəbinin XI sinif şagirdi Bayramova Sofiya Zəfər qızı II yerə, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Fətəliyeva Sevil Rasim qızı, Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi İsmayılova Fidan Loğman qızı və Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Musazadə Leyla Etibar qızı III yerə, Heydər Əliyev adına Hərbi Liseyin II kurs kursantı Əhmədov Vüqar Ramil oğlu, Şərur rayon Oğlanqala kənd tam orta məktəbin X sinif şagirdi Abdullayeva Zülfiyyə Ruslan qızı, Ordubad rayon Yuxarı Əylis kənd tam orta məktəbin X sinif şagirdi Məmmədli Xanım Məhərrəm qızı, Sədərək kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi İbrahimova Tərlan Ramiz qızı və həmin məktəbin XI sinif şagirdi Bağırova Firuzə Sahib qızı isə həvəsləndirici yerə layiq görülüb.
Növbəti müsabiqədə qaliblər diplomla mükafatlandırılacaqlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi