Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi davam edir. 17 mart 2021-ci il tarixdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri və Təhsil Nazirliyinə birbaşa tabe məktəb və məktəbdənkənar təhsil müəssisələrinin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin II mərhələsi keçirilib. Bu mərhələdə məktəbdaxili seçim mərhələsində fərqlənən 106 şagird 200-ə yaxın rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və s. digər əl işi ilə iştirak edib.
Müsabiqədə məktəblilərə öz potensiallarını nümayiş etdirmələri üçün “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları təqdim edilib.
Nümayiş olunan əl işləri münsiflər heyəti tərəfindən rəsmlərin mövzuya uyğunluğu, təkrarçılığın olmaması, yaradıcı iş, orjinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib. Beləliklə, müsabiqədə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə 1 əl işi I, 2 əl işi II, 3 əl işi III, 17 əl işi isə həvəsləndirici yerə layiq görülüb. Bu mərhələdə yer tutan əl işləri müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi