Şahbuz Rayon Təhsil Şöbəsi, Polis Şöbəsi və Uşaq-Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin komandaları arasında “Zərərli vərdişlərə yox deyək, sağlam olaq” devizi altında voleybol yarışı keçirilib.
Yarışdan öncə çıxış edən Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov şagirdlərin Uşaq-Gənclər İdman Məktəbinə cəlb edilməsi, onlarla aparılan işdən və məktəblilərin voleybola olan marağından söz açıb. Bildirilib ki, muxtar respublikada, eləcə də Şahbuz rayonunda şagirdlərin fiziki sağlamlıqlarının qorunması və onların asudə vaxtlarının səmərəli təşkili üçün məktəblərdə hər cür şərait yaradılıb. Yaradılan bu şəraitdən lazımınca istifadə etməklə rayonda idman növlərinin inkişafına nail olmaq üçün səylə çalışırıq.
Polis Şöbəsinin əməkdaşı Mirnəsir Seyidov bildirib ki, zərərli vərdişlər insan orqanizminə və sağlamlığına ciddi təsir edir. Buna görə də ümumtəhsil məktəbləri ilə yanaşı valideynlər və bütün ictimaiyyət bu işdə fəal olmalıdır. Məktəblilərin idmanın müxtəlif növləri üzrə dərnəklərə cəlb olunması, belə maraqlı idman yarışlarının təşkili zərərli vərdişlərin qarşısının alınmasında olduqca səmərəlidir.
Uşaq-Gənclər İdman Məktəbinin diektoru Allahverdi Abbasov qeyd edib ki, voleybolçularımız muxtar respublika səviyyəli yarışlarda rayonumuzu həmişə layiqincə təmsil ediblər. Gənclərimizin idmanın bu növünə olan marağını nəzərə alaraq voleybol üzrə yarışları vaxtaşırı təşkil edir, güclü komandalar formalaşdırmağa çalışırıq.
Çıxışlardan sonra yarışa start verilib və 4 məktəbin voleybol komandası birincilik uğrunda mübarizəyə başlayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarış Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin voleybol komandasının qələbəsi ilə başa çatıb. Qalib olan komandanın üzvləri yarışın təşkilatçıları tərəfindən mükafatlandırılıb.