Naxçıvan şəhər ümumtəhsil məktəbləri 12-18 mart tarixlərində məktəb rəhbərliyi, kitabxana müdiri və kitabxanaçıların, bir qrup müəllim və şagirdlərin iştirakı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan M.T.Sidqinin “Məktəb hekayələri” adlı kitabının müzakirəsini keçirmişdir.
Müzakirələrdə M.T.Sidqinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Ümumilikdə 63 müəllim, 178 şagirdin iştirakı ilə “Məktəb hekayələri” kitabında yer alan ayrı-ayrı hekayələr müzakirə olunmuş, Məhəmməd Tağı Sidqinin yaradıcılığında ata-anaya hörmət və övlada qayğı, qızların təhsil almasını, təhsilin xalqın, millətin taleyində vacibli rolu fikirlərinin şagirdlər tərəfindən düzgün mənimsənilməsi üçün izahlar aparılmışdır.
Bildirilmişdir ki, böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. O, ilk təhsilini Molla Məhəmməd Tağı adlı bir axundun yanında almışdır. M.T.Sidqi maarifçi şair və yazıçı olmaqla yanaşı, həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünasdır. Böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun elmi fəaliyyətində ədəbi-fəlsəfi məsələlər də öz əksini tapmışdır. Pedaqoji fəaliyyətlə yanaşı publisistika ilə də məşğul olan M.T.Sidqi “Tərcüman”, “Həblül-mətin”, “Əxtər”, “Şərqi-Rus”, “Kaspi” qəzetləri ilə yaxından əlaqə saxlamış, həmin mətbuat orqanlarında məqalələrlə çıxış etmiş, əsl mənada “qəzetçi” kimi tanınmışdır.
M.T.Sidqi Azərbaycan məktəbi və pedaqoji fikir tarixində ilk dəfə olaraq rəhbərlik etdiyi məktəbin daxili nizamnaməsini və nümunəvi hesabatlarını hazırlamışdır. Sidqi tərəfindən tərtib edilmiş “Məktəbli üçün yaddaş”, “Məktəbi-Tərbiyə” şagirdlərinin tapşırıqları” kimi əhəmiyyətli sənədlərdə ümumən məktəbin, müəllimin cəmiyyətdəki yeri və mövqeyi və vəzifələri, xüsusən yeni nəslin tərbiyələndirilməsinin əsas prinsipləri və vəzifələri öz əksini tapmışdır. Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabı olduqca dəyərli fikirləri təzahür etdirir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi