Sədərək Rayon Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə Çağırışaqədərki hazırlıq fənnindən açıq dərs keçirilib. Sədərək kənd 2 nömrəli tam orta məktəbdə təşkil edilən açıq dərs “Ak-74 kalaşnikov və Snayper silahlarının natamam sökülüb-yığılması” mövzusunda olub.
Məktəbin hərbi rəhbəri Murad Əliyev əvvəlcə mövzu və təhlükəsizlik qaydaları haqqında şagirdlərə geniş məlumat verib. Hər iki silahın sökülüb-yığılma qaydası şagirdlərə əyani şəkildə göstərilib. Müstəqil olaraq hər bir şagird təhlükəsizlik qaydalarına əməl etməklə normativə uyğun fəallıq yerinə yetiriblər.
Dərsin sonununda şagirdləri maraqlandıran sualar cavablandırılıb.
Eyni zamanda rayon ümumtəhsil məktəblərində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” adlı kitabının müzakirəsi keçirilib.
Bildirilib ki, Məhəmməd Tağı Sidqi maarifçi şair və yazıçı olmaqla yanaşı, həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünasdır. Pedaqoji fəaliyyətlə yanaşı publisistika ilə də məşğul olan Məhəmməd Tağı Sidqi Baxçasarayda çıxan “Tərcüman”, Kəlküttədə nəşr edilən “Həblül-mətin”, Tehranda çap olunan “Əxtər”, Tiflisdə yayılan “Şərqi-Rus”, Bakıda fəaliyyət göstərən “Kaspi” qəzetləri ilə yaxından əlaqə saxlamış, həmin mətbuat orqanlarında məqalələrlə çıxış etmiş, “əsl mənada qəzetçi” kimi tanınmışdır. Onun “Qəzet, yainki qəzetə nədir?”, “Təəssüf, yenə təəssüf” kimi məqalələri yeni dövr Azərbaycan publisistikasının dəyərli nümunələrindəndir.