Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji ixtisaslar üzrə təhsil alan təcrübəçi tələbələrin öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaq məqsədilə “Sabahın müəllimi” layihəsi davam edir. Növbəti görüş 18 mart 2021-ci il tarixdə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat-informatika və İbtidai sinif müəllimliyi ixtisası üzrə təcrübədə olan tələbələrlə baş tutub.
Təcrübəni aparan Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru, Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi Nazim Rəhimov təcrübəçi tələbələrə məktəbin kompüter otağında keçirilən “Kiçik proqramçılar” adlı seminarın əhəmiyyətindən bəhs edib.
Nazim Rəhimov bildirib ki, kiçik yaşlı uşaqların düşündürücü və yaradıcı oyunlarla məşğul olmağı onların zehni inkişafına təkan verir. Müasir texnologiya mühitində doğulmuş uşaqların erkən yaşlardan proqramlaşdırma ilə tanışlığı günün aktual tələbləri sırasındadır. Qeyd edilib ki, “Kiçik proqramçılar” adlı seminarın təşkilinin məqsədi də məhz təcrübəçi tələbələrə Scratch3 və ScratchJr proqramlaşdırma dillərinin Scratch1 və Scratch2-dən fərqini, proqramın Azərbaycan dilində olmasını və 5-8, 8-15 yaşlı uşaqların bu proqramdan geniş istifadə edə bilmə imkanlarını öyrətməkdir.
Seminar zamanı təcrübəçi tələbələr əyani olaraq “Scratch” proqamı ilə tanış olub və onun işləmə alqoritimini öyrəniblər.
Bildirək ki, bu tədris ilində Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetindən ümumilikdə 376 tələbə fevralın 16-dan mayın 22-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində və Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçirlər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi