Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin təsviri və dekorativ-tədbiqi sənət müsabiqəsi davam edir. 19 mart 2021-ci il tarixində Babək rayon ümumtəhsil məktəbləri arasında təsviri və dekorativ-tədbiqi sənət müsabiqəsinin rayon turu keçirilib. Rayon mərhələsində məktəbdaxili seçim mərhələsində fərqlənən 82 şagird 150 rəsm, toxuma, tikmə, ağac üzərində oyma və.s digər əl işləri ilə iştirak edib.
“Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsünkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” kimi mövzuların təqdim edildiyi müsabiqədə şagirdlər öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.
Müsabiqənin sonunda fərqlənən əl işləri münsiflər heyəti tərəfindən yaradıcı iş, orjinallıq, keyfiyyət, təsvirin dolğunluğu, işin təqdimatının orijinallığı kimi meyarlarla qiymətləndirilib.
Münsiflər heyətinin rəyinə əsasən, təsviri və dekorativ-tətbiqi sənət sahələrinin hər biri üzrə I yer üçün - 1, II yer üçün – 2, III yer üçün - 3, həvəsləndirici yer üçün - 10 qalib müəyyən edilib. Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.
Rayon mərhələsində yer tutan əl işləri müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi