Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsi, Kəngərli Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində təhsil alan 14 yaşadək qız və oğlan şahmatçılar arasında Novruz bayramı münasibətilə şahmat yarışı təşkil olunub. Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, ümumtəhsil məktəblərində şahmat fənninin mənimsənilmə səviyyəsini artırmaq, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.
Tədbiri giriş nitqi ilə açan Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Hüseynzadə ilk olaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, yarışda uğurlar arzulayıb.
Yarış 46 şahmatçının iştirakı ilə 6 turdan ibarət “İsveçrə” sistemi ilə keçirilib. Yarışın yekun nəticələrinə əsasən, 14 yaşadək qızlar arasında Sara Rzayeva I, Mələk Babayeva II, Nur Süleyman III yerə layiq görülüb. Oğlanlar arasında isə Zahid Allahverdiyev I, Əbdüləzim Abdullayev II, Mustafa Bəylərov III yerə layiq görülüb.
Yarışın qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.