Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin təsdiq etdikləri birgə əsasnaməyə uyğun olaraq məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsinin və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması məqsədilə 19 mart 2021-ci il tarixdə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqədə rayonun 23 ümumtəhsil məktəbi üzrə 30 şagird tərəfindən muxtar respublikanın tarixini, milli-mənəvi dəyərlərini əks etdirən 45 rəsm və 185 əl işi nümayiş etdirilib.
İştirakçılar tərəfindən böyük marağa səbəb olan əl işlərinə baxıldıqdan sonra münsiflər heyəti tərəfindən təsviri sənət və dekorativ tətbiqi sənət üzrə I, II, III yerlər müəyyənləşdirilmiş və qaliblər diplomlarla tətlif edilmişdir. Müsabiqədə təsviri sənət üzrə I yerə Şada kənd tam orta məktəbinin VII sinif şagirdi Eminə Musayeva, dekorativ tətbiqi sənət üzrə I yerə isə Nursu kənd tam orta məktəbinin VIII sinif şagirdi Aysu Bağırova layiq görülüb. Bundan başqa rayon ümumtəhsil məktəbləri üzrə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə 2 əl işi II, 3 əl işi III, 5 əl işi isə həvəsləndirici yerə layiq görülüb. Rayon mərhələsində yer tutan əl işləri müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.
Sonda qaliblər diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi