Aprelin 3-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin Ordubad rayon mərhələsi keçirilib. Müsabiqədə məktəblilərə öz potensiallarını nümayiş etdirmələri üçün Naxçıvanın dünəni və bu günü, abidələri, təbiəti, milli-mənəvi dəyərləri və adət-ənənələrinin təsviri mövzuları təqdim edilib.
Müsabiqənin fevral-mart aylarında keçirilən məktəbdaxili seçim mərhələsində seçilmiş ən yaxşı əl işləri müsabiqənin II mərhələsinə təqdim olunub. Bu mərhələdə məktəbdaxili seçim mərhələsində fərqlənən 65 şagirdin 300-ə yaxın rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və s. digər əl işləri nümayiş etdirilib.
Nümayiş olunan əl işləri münsiflər heyəti tərəfindən rəsmlərin mövzuya uyğunluğu, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib. Sərgi ilə tanışlıqdan sonra müsabiqə qalibləri mükafatlandırılıb.
Beləliklə, müsabiqədə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə 1 əl işi I, 2 əl işi II, 3 əl işi III, 5 əl işi isə həvəsləndirici yer olmaqla, ümumilikdə 22 əl işi fərqlənib.
Bu mərhələdə yer tutan əl işləri müsabiqənin muxtar respublika mərhələsində iştirak hüququ qazanıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi