Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən sağlam böyüyəcəyəm” devizi altında idman yarışlarının keçirilməsi haqqında “Tədbirlər Planı”na uyğun olaraq Təhsil Şöbəsi, Polis Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol idman klubları arasında yoldaşlıq görüşü keçirilib.
Yarış başlamazdan əvvəl Uşaq–Gənclər İdman Məktəbinin direktor əvəzi Həsən Tağıyev öz çıxışında bildirib ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da öz bəhrəsini verməkdədir. Eyni zamanda bölgədə gənclərə və idmana göstərilən dövlət qayğısından, idman sahəsində qazanılan uğurlardan, idmanın kütləviliyinin təmin olunması, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili kimi zəruri məsələlərdən də danışıb.
Sonra voleybol yarışına start verilib. Keçirilən yarışda 4 komanda iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, Çalxanqala kənd tam orta məktəbinin komandası I, Yurdçu kənd tam orta məktəbinin komandası II, Qarabağlar kənd 1№-li tam orta məktəbin komandası III, Qarabağlar kənd 2№-li kənd tam orta məktəbin komandası isə həvəsləndirici yerə layiq görülüb.
Yarışın sonunda qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.