Muxtar respublikada yaşayan yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Təhsil, Daxili İşlər və Gənclər və İdman nazirlikləri tərəfindən maarifləndirici görüşlər keçirilib. Görüşdlərdə 40-a yaxın yeniyetmə iştirak edib.
Görüşün keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, asudə vaxtlarının idmana sərf edilməsi, oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici söhbətlər aparmaq və uşaqları sosial şəbəkələrdən təhlükəsiz istifadə üçün təlimatlandırmaq, eyni zamanda Naxçıvanın turizm potensialının təbliğ olunmasını şagirdlərə aşılamaqdan ibarət olub.
Çıxış edənlər bildiriblər ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. Müasir dünya əhalisinin çox böyük bir qismi vaxtını sosial şəbəkələrdə keçirir. Bu virtual platforma Azərbaycan həqiqətlərinin, ölkənin siyasi-ictimai, mədəni və müxtəlif sferalarda inkişafını əks etdirən məlumatların beynəlxalq aləmə çatdırılması üçün geniş imkanlara malikdir. Bununla yanaşı, muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılması baxımından da sosial şəbəkələrdən geniş istifadə olunur. Yeniyetmə və gənclər sosial şəbəkəyə qoşularkən mütləq bilməlidir ki, kimlərlə yazışır, ünsiyyət qurur, kimlərlə görüşür, tanış olduqları insanların, izlədikləri səhifə və qrupların maraq dairəsi nədən ibarətdir? Əks halda, yeniyetmə və gənclər hansısa dini sekta, terrorçu qrupun təsiri altına düşə bilər. Digər tərəfdən sosial şəbəkələrdə həddən artıq zaman keçirmək onları təhsildən yayındıra bilər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.