Babək rayon ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvər ruhda təriyə olunması, onların tarixi biliklərini möhkəmləndirmək, vətənə sevgi hislərini aşılamaq, eyni zamnda “Mütaliə aylığı” ilə əlaqədar asudə vaxtlardan səmərəli istifadə, oxu vərdişlərinin və mədəniyyətinin formalaşması məqsədi ilə bir sıra marifləndirici tədbirlər keçirilmişdir.
Belə ki, Babək rayon Zeynəddin və Məzrə kənd tam orta məktəblərində “Aprel döyüşləri”nə həsr olunmuş anım günü keçirilmişdir. Tədbirdə aprel döyüşləri haqda ətraflı məlumat verilmiş, bu döyüşlərin Vətən müharibəsində azad olunan torpaqlarımızın azadlığının ilk mərhələsi, böyük zəfərin başlanğıcı olduğu qeyd edilmişdir. Şagirdlər vətənə həsr olunmuş şeirlər səsləndirmiş, şəhidlərimizin müqəddəs ruhu yad edilmişdir.
Babək rayon Vayxır və Şəkərəbad kənd tam orta məktəblərində isə Nizami Gəncəvinin 880 illik yubleyi qeyd olunmuşdur. Vayxır kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Əfsus Quliyevanın və Şəkərəbad kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Kərimovanın şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verməsi ilə başlayan tədbirlərdə şagirdlər şairin şeirlərini səsləndirmiş, poemalarından kompozisiyalar nümayiş etdirilmişlər.
Eyni zamanda Babək rayon Qahab, Uzunoba, Xal-Xal, Nəhəcir, Yarımca kənd tam orta məktəblərində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması və “Nizaminin hikmət və nəsihətləri” kitabı müzakirə olunmuşdur. Müzakirə zamanı şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilmiş, əsərlərin bədii qurluşu, dili, üslubu, sürətləri şagirdlər tərəfindən təhlil olunmuşdur.
Babək Rayon Dövlət Yol Polisi, DİN-in Dövlət Yol Polis İdarəsi, Babək Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Güznüt kənd tam orta məktəbində şagirdlərlə marifləndirici görüş keçirilmişdir. Görüşdə yol hərəkət qaydaları, yol hərəkət nişanları ətraflı izah olunmuş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.