Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 13 aprel 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bahar fəsli” mövzusunda rəsm müsabiqəsi keçirilib. Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən müsabiqədə 20-dən çox şagird iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın inkişaf tarixinə, səfalı dağlarına, yaşıllığı və çiçəklərin əlvanlığı ilə göz qamaşdıran füsunkar təbiətini rəsmlərdə canlandırmaqla şagirdlərin bacarıqlarını və ideyalarını üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarət olub.
Tədbirdə Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev çıxış edərək muxtar respublikada yaradıcı şagirdlərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbdənkənar təhsil müəssisələrində əlverişli mühit formalaşdırılmış, yeni innovativ dərnəklər yaradılmışdır. İnnovativ dərnəklərə cəlb edilən, həmin dərnəklərdə məşğul olan və fərqlənən istedadlı şagirdlərin yaradıcılıqlarının aşkar edilməsi və onların üzə çıxarılması diqqətdə saxlanılmış, bacarıqlı və istedadlı şagirdlərdən bəhs edən “İstedadlı şagirdlər” albom-kataloqu nəşr edilmişdir. Məktəblilərə göstərilən bu qayğı onların öz istedadları üzərində daha səylə çalışmalarına təkan verir ki, nəticədə yaradıcı, fəal gənclik yetişir.
Sonra müsabiqəyə start verilib. İstedadlı şagirdlər 2 saat ərzində muxtar respublikanın təbiətini özündə əks etdirən rəsm əsərlərini müxtəlif texnikada - flomaster, quaş, sulu boya, pastel, yağlı boyadan istifadə edərək çəkiblər.
Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beləliklə, müsabiqədə bir I yer, iki II yer, üç III yer və 7 həvəsləndirici yer olmaqla, ümumilikdə 13 şagird qalib olub.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatladırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi