Aprelin 13-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Hüseyn Cavidin “Ana” dramı mərkəzin dərnək üzvləri tərəfindən səhnələşdirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə eyni zamanda mərkəzin dram dərnəyinin rəhbəri Təranə Mirzəyevanın ssenarisi əsasında hazırlanan “Ana, mən şəhid oldum” və “Azərbaycan qazisi” adlı vətənpərvərlik mövzusunda səhnəciklər də nümayiş olunub.
Şagirdlərdə milli mədəniyyət nümunələri olan bədii ədəbiyyatlara müraciət edərək oxu vərdişlərini formalaşdırmaq, teatr tamaşalarına şagirdləri cəlb etməklə yaradıcılıqlarını istiqamətləndirmək məqsədilə təşkil olunan tədbirdə Naxçıvan şəhər ümumtəhsil məktəblilərinin şagirdləri iştirak ediblər.
Vətənpərvərlik mövzusunda hazırlanan tamaşa şəhər məktəbliləri tərəfindən maraqla qarşılanıb.
Məktəblilər arasında bu cür tədbirlərin təşkili şagirdlərin bacarıqlarının üzə çıxarılmasında, milli və ümumbəşəri dəyərlər əsasında yetişməsində, onların yüksək mənəvi keyfiyyətlərinin və estetik zövqlərinin formalaşmasında mühüm rol oynayır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi