Aprelin 15-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.
Muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilən dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.
Şagird və müəllimlər üçün “İtalyan partiyasına aid oyunların təhlili” və “Yarışların keçirilməsi haqqında” mövzularında keçirilən interaktiv dərsi beynəxalq usta Talıb Babayev aparıb. Dərsdə şagirdlərə italyan partiyasına aid oyunlarla bağlı ətraflı məlumat verilərək bildirilib ki, italyan partiyası açıq debütlərə aiddir və 1.e4 e5 2.Af3 Ac6 3.Fc4 Fc5 4.c3 gedişləri ilə yaranır. Bu oyun yeni başlayanlar üçün çox maraqlı və düşünmə qabiliyyətini inkişaf etdirən oyundur. Digər debütlərdə olduğu kimi, bu debütdə də fiqurların aktivləşməsi əsas şərtdir. Məsələ həllində isə 2 gedişli mata aid məsələlər təqdim olunub, məsələlər dərs vaxtı ərzində həll edilib və ev tapşırığı verilib.
Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən seminarda şahmat yarışlarının keçirilməsi haqqında məlumat verilib. Qeyd edilib ki, xüsusən dairəvi yarış sistemi məktəblərdə əlverişli olduğu üçün daha çox bu sistemdən istifadə olunur. Həmçinin şagird sayı çox olan dərslərdə isveçrə və olimpiya sistemlərindən istifadə qaydaları da müəllimlərin diqqətinə çatdırılıb.
Bununla yanaşı saat 15:00-da Şahmat məktəbləri ilə keçirilən interaktiv dərsi Bakıdan dəvət olunmuş beynəlxalq usta, qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı Fikrət Sideifzadə aparıb. “Etüd həlli” mövzusunda keçirilən dərsdə etüd haqqında geniş izahat verilib, etüdlərin digər məsələlərdən fərqli cəhətinin qeyri-adi vəziyyətlərin olması və bu vəziyyətlərə uyğun olaraq da qeyri-adi gedişlərin tapılması olduğu bildirilib. Eyni zamanda dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib, şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi