Ümummilli lider Heydər Əliyev kitabxanaların əhəmiyyətinə yüksək qiymət verərək demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Buna görə də “Mütaliə aylığı” çərçivəsində təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması diqqətdə saxlanılır. Bu işlərin davamı olaraq aprelin 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Naxçıvanda kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada kitabxanaların maddi bazası yaxşılaşdırılmış, kitabxana fondu zənginləşdirilmiş, elektron kitabxanalar yaradılmış, kitabxanaların ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılmış, oxunması zəruri olan kitabların siyahısı təsdiq edilmişdir.
Məktəb kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün 2140 ədəd elektron tədris vəsaiti ilə təmin edilmişdir.
Təhsil naziri bildirib ki, kitabxana işinə artan marağın nəticəsidir ki, təkcə 2019-2020-ci tədris ilində muxtar respublika məzunlarından 13-ü ali məktəblərin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasına qəbul olmuşdur. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 216 kitabxanada 84 kitabxana müdiri, 136 kitabxanaçı çalışır ki, onlardan da 28-i işə qəbul müsabiqələrində yüksək nəticə göstərərək işlə təmin olunmuşdur.
Bildirilib ki, ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlər arasında mütaliə vərdişlərinin aşılanması, məktəbin pedaqoji kollektivinə elmi, pedaqoji və ictimai, publisistik və metodiki təcrübə sahəsində xidmətlərin göstərilməsi və dövrü mətbuat yeniliklərinin yayılması kimi vəzifələri icra edir. Bu gün keçirilən konfransın da əsas məqsədi təhsil müəssisələrində kitabxanaların bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.
Təhsil naziri qeyd edib ki, məktəb kitabxanaları fəaliyyətini gücləndirməli, ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, şagirdlərin kitabxanaya cəlbinə diqqəti artırmalı, onlarda mütaliə mədəniyyətinin formalaşmasına çalışmalı, oxuculara xidmət işini yüksəltməli, kitabların elektron kataloqunu yaratmalı, sənədləşmə işlərini mövcud təlimata uyğun aparmalıdırlar.
Metodiki kabinetlər məktəb kitabxanalarına metodiki köməklik göstərməli, nümunəvi iş planları hazırlamalı, kitabxana işçilər üçün davamlı kurslar təşkil etməli, qabaqcıl iş təcrübəsi öyrədilməlidir. Bununla yanaşı, kitabxanalarda şagird və müəllimlərin iştirakı ilə ədəbi -bədii tədbirlər, kitab müzakirələri, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr edilmiş müsabiqələr, poeziya gecələri, vətənpərvərlik mövzusunda söhbətlər və görüşlər, oxucu konfransları, inşa yazı müsabiqələri təşkil edilməli, şagird və müəllimlərin oxunması zəruri olan kitabları mütaliə etməsi istiqamətində iş aparılmalıdır.
Konfransda Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının “Ümumtəhsil məktəbi kitabxanaçılarının vəzifələri”, Şərur rayon Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru Yeganə Məmmədovanın “Şagirdlərin təhsilinin və ümumi dünyagörüşünün inkişafında məktəb kitabxanasının rolu”, Ordubad rayon Üstüpü kənd tam orta məktəbinin kitabxana müdiri Sevinc Bayramovanın “Şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması”, Culfa rayon Ərəzin kənd tam orta məktəbinin kitabxana müdiri Püstə Cəfərovanın “Kitabxana işinin təşkili və görülmüş işlər” mövzularında çıxışları dinlənilmişdir.
Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanaçılarına təlim-seminarların keçirilməsi müəyyənləşdirilmişdir. Konfransdan sonra kitabxanaçılar üçün 3 günlük təlimə başlanıldı. Təşkil olunan təlimlərin əsas məqsədi kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir. Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarəolunması, İKT-dən istifadə üsulları və proqram təminatı barədə məlumat veriləcək, müzakirələr aparılacaq.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi