Ordubad Rayon Texniki Peşə və Sürücülük məktəbinin voleybol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ümumtəhsil məktəblərinin oğlan şagirdlərindən ibarət voleybol klubları arasında rayon birinciliyi keçirilmişdir.
Yaşının açılış mərasimində çıxış edənlər məktəblilərə mövzu haqqında danışaraq, zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, yaratdığı problemlər barədə məlumat vermiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.
Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 4 komanda mübarizə aparmışdır. Yarışın yekun nəticəsinə görə I yerə Ordubad şəhər 1 nömrəli tam orta məktəbin, II yerə şəhər İnternat tam orta məktəbin, III yeri isəVənənd kənd tam orta məktəbin komandası layiq görülüb. Sonda qalib olan və fərqlənən komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.
Eyni məkanda Ordubad RayonTəhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Polis Şöbəsi və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının yerli rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərdən uzaq olaq” devizi altında rayon ümumtəhsil məktəblərinin idman klubları arasında Basketbol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Yarışda 4 ümumtəhsil məktəbindən 32 idmançı iştirak etmişdir. Yarışında çıxış edənlər bədən tərbiyəsi və idmana olan dövlət qayğısını diqqətə çatdırmış, yeniyetmələri zərərli vərdişlərdən uzaq olmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər. Maraqlı və gərgin mübarizənin yekun nəticəsinə əsasən Ordubad şəhər 3 nömrəli tam orta məktəbin komandası I, 1 nömrəli tam orta məktəbin komandası II, Gənzəkənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Sonda yarışda iştirak edən komandalara təşkilatçıların diplomları təqdim olunmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi